Konsulluq qeydiyyatı

Hörmətli vətəndaşlarımız,

Diqqətinizə çatdırmaq istərdik ki, xarici ölkələrdə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən uçota alınması prosedurları Azərbaycan Respublikası Xarici İşlər Nazirinin 12.09.2012-ci il tarixli, Q/07-12 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydalara əsasən xarici ölkələrdə qanuni əsaslarla daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqları tərəfindən təmin edilməlidir.

İsveç Krallığı, Norveç Krallığı və Finlandiya Respublikasında daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşları Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyinin konsulluq dairəsində konsulluq uçotuna alır. Xarici ölkələrdə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması onların hüquqlarının, qanuni maraqlarının və təhlükəsizliklərinin qorunması məqsədilə aparılır.

Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması ödənişsiz yerinə yetirilir.

İsveç Krallığı, Norveç Krallığı və Finlandiya Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotu

İsveç Krallığı, Norveç Krallığı və Finlandiya Respublikasında daimi əsaslarla, başqa sözlə bu ölkələrin müvafiq səlahiyyətli orqanları tərəfindən verilmiş daimi yaşamaq icazəsinə və ya bu ölkələrdə daimi yaşamaq statusuna sahib olmasını təsdiq edən digər sənədə (ID card) malik olan Azərbaycan Respublikası vətəndaşı yaşadıqları əraziyə akkreditə edilmiş Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyində uçota alınırlar.

Konsulluq uçotuna alınmış Azərbaycan Respublikası vətəndaşlarının 16 yaşadək uşaqları valideynlərindən birinin uçot kartoçkasında qeyd olunur.

İsveç Krallığı, Norveç Krallığı və Finlandiya Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşı konsulluq uçotuna alınması məqsədilə aşağıdakı sənədləri pasportla birlikdə Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyə təqdim etməlidirlər: 

  1. Doldurulmuş  Xaricde-daimi-yasayan-AR-vetendasi-ucun-ucot-kartockasi-2.doc ;
  2. Pasport üçün rəngli fotoşəkil – 1 ədəd;
  3. Vətəndaşın şəxsiyyətini təsdiq edən Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportu;
  4. Azərbaycan Respublikası vətəndaşının İsveç Krallığı, Norveç Krallığı və ya Finlandiya Respublikasında daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənədin surəti.

Diqqət! Konsulluq uçotuna alınmış Azərbaycan Respublikası vətəndaşı ilə birlikdə İsveç Krallığı, Norveç Krallığı və ya Finlandiya Respublikasında daimi yaşayan 16 yaşına çatmamış uşaq olduqda, həmin uşağın doğum haqqında şəhadətnaməsinin və valideynlərinin nikah haqqında şəhadətnaməsinin (olduğu halda) surətləri Səfirliyə təqdim edilməlidir.

Məlumat üçün diqqətinizə çatdıraq ki, İsveç Krallığındakı Azərbaycan Respublikası Səfirliyi tərəfindən İsveç Krallığı, Norveç Krallığı və ya Finlandiya Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşı konsulluq uçotuna alınan zaman, onun pasportunda “Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyində uçota alınmışdır. Tarix:_____ İmza:_____” sözləri əks olunmuş ştamp vurulur, Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyinin konsulluq məsələləri üzrə vəzifəli şəxsi tərəfindən imzalanaraq, gerbli möhürlə təsdiq edilir.

İsveç Krallığı, Norveç Krallığı və Finlandiya Respublikasında müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotu

Üç aydan çox müddətə İsveç Krallığı, Norveç Krallığı və ya Finlandiya Respublikasına işləməyə ezam olunmuş, təhsili ilə bağlı və ya şəxsi qaydada (qonaq, müalicə və digər məqsədlə) səfər etmiş Azərbaycan Respublikası vətəndaşları işlədikləri, təhsil aldıqları, müalicə olunduqları və ya yaşadıqları əraziyə akkreditə edilmiş Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində uçota alınırlar.

İsveç Krallığı, Norveç Krallığı və Finlandiya Respublikasında müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşı konsulluq uçotuna alınması məqsədilə aşağıdakı sənədləri Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyinə təqdim etməlidirlər:

  1. Doldurulmuş Xaricde-muevqqti-yasayan-AR-vetendasi-ucun-ucot-kartockasi-2.doc ı;
  2. Vətəndaşın şəxsiyyətini təsdiq edən Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportunun kserosurəti;
  3. Azərbaycan Respublikası vətəndaşının İsveç Krallığı, Norveç Krallığı və ya Finlandiya Respublikasında müvəqqəti yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənədin kserosurəti.

Diqqət! Nəzərinizə çatdırmaq istərdik ki, xarici ölkələrdə müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotu ilə bağlı onların pasportlarında heç bir qeyd aparılmır. Vətəndaş arzu etdiyi təqdirdə onun müvəqqəti yaşayış uçotunda olması barədə konsulluq tərəfindən sərbəst formada yazılmış arayış verilir.

Konsulluq uçotuna alınmış Azərbaycan Respublikası vətəndaşı ilə birlikdə İsveç Krallığı, Norveç Krallığı və ya Finlandiya Respublikasında müvəqqəti yaşayan 16 yaşına çatmamış uşaq olduqda, həmin uşağın doğum haqqında şəhadətnaməsinin və valideynlərinin nikah haqqında şəhadətnaməsinin (olduğu halda) kserosurətləri Səfirliyə təqdim edilməlidir.