2017-02-25
Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı İsveç Parlamentinin qarşısında aksiya keçirilib

İsveçdə yaşayan azərbaycanlı, türk və türkmən icmalarının üzvləri fevralın 25-də Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Stokholmun Mynttorget meydanında (İsveç parlamentinin qarşısında) aksiya keçiriblər.

Aksiyada iştirak edənlər 25 il əvvəl törədilən Xocalı soyqırımında şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Tədbirdə İsveç və ingilis dillərində “Xocalı unudulmaz”, “Qarabağ Azərbaycanındır”, “Xocalıya ədalət” kimi şüarlar səsləndirilib.

Aksiyada çıxış edənlər Xocalı soyqırımı barədə yerli ictimaiyyəti ətraflı məlumatlandıraraq bildiriblər ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı birləşmələri Azərbaycanın bu şəhərini mühasirəyə alaraq, yerli sakinləri yalnız azərbaycanlı olduqları üçün kütləvi qirğına məruz qoyublar. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 dinc sakinin qətlə yetirildiyi, 8 ailənin tamamilə məhv edildiyi, 1275 nəfərin əsir götürüldüyü İsveç ictimaiyyətinin diqqətinə çatdırılıb.

Natiqlər qeyd ediblər ki, Xocalı qətliamı bütövlükdə insanlığa qarşı törədilmiş cinayətdir və bu cinayəti törədənlər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər. Avropa dövlətlərini ikili standartlara görə qınayan aksiya iştirakçıları beynəlxalq birliyi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməyə çağırıblar. Avropanın bəzi dairələrinin uydurma “Erməni soyqırımı” məsələsindən siyasi alət kimi istifadə etdiklərini bildirən natiqlər həmin dairələrin Xocalı soyqırımına və Dağlıq Qarabağ münaqişəsinə ikili standartlar mövqeyindən yanaşdığını təəssüf hissi ilə qeyd ediblər. Ermənistanın hazırkı rəhbərliyinin azərbaycanlılara qarşı aparılan hərbi əməliyyatların bilavasitə iştirakçısı olduğu vurğulanan mitinqdə “Bəs hanı beynəlxalq hüquq?”, “Haradadır həqiqət və ədalət?” kimi şüarlar səsləndirilib.

Sonda İsveçin Baş nazirinə, habelə Krallığın parlamentində (Riksdaqda) təmsil olunan bütün siyasi partiyaların rəhbərlərinə aksiya iştirakçıları tərəfindən rəsmi bəyanat qəbul olunub. Bəyanatda Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı sakinlərinə qarşı inanılmaz vəhşiliklərin törədildiyi, öldürülmüş insanların bəzilərinin dərilərinin soyulduğu, başlarının kəsildiyi, cansız bədənlərin isə eybəcər hala salındığı bildirilib. Sənəddə, habelə Xocalı qətliamından sonra Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq işğalçı siyasətlərini davam etdirdiyi, müstəqil Azərbaycanın 20 faiz ərazisini zəbt etdiyini və nəticədə 1 milyondan çox insanın qaçqın və məcburi köçkün halına düşdüyü diqqətə çatdırılır. Eyni zamanda, azərbaycanlılara məxsus maddi və mənəvi abidələrin bu günün İŞİD terrorçularından fərqlənməyən Ermənistan silahlı qüvvələri tərəfindən darmadağın edildiyi də bəyanatda öz əksini tapıb. Bu məsələdə haqqın və hüququn Azərbaycan tərəfində olduğu deyilən sənəddə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri, “The Human Rights Watch”, Avropa İnsan Haqları Məhkəməsi və bir sıra başqa beynəlxalq institutların da Xocalı soyqırımı ilə bağlı qətnamələri və bəyanatları xüsusilə qeyd olunub.

Aksiya Azərbaycanın İsveçdəki səfirliyinin dəstəyi ilə keçirilib.

növbəti xəbər əvvəlki xəbər