2017-04-29
Azərbaycan nümayəndə heyəti Finlandiyadakı diasporumuzun fəalları ilə görüşüb

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Finlandiyaya səfəri çərçivəsində bu ölkədəki diaspor təşkilatlarımızın fəalları ilə görüşüb.

Nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycan Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Milli Məclisin deputatı Cavanşir Paşazadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov olub.

Azərbaycanın Finlandiyadakı səfiri Adış Məmmədov Helsinkidə keçirilən “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusundakı konfrans və nümayəndə heyətinin Finlandiyanın dövlət rəsmiləri ilə keçirdiyi görüşlərlə bağlı diaspor üzvlərinə geniş məlumat verib. Səfir Finlandiyadakı Azərbaycan diasporunun fəaliyyəti və səfirlik-diaspor əlaqələri barədə nümayəndə heyətini məlumatlandırıb.

Dövlət müşaviri Kamal Abdullayev ölkəmizin inkişafından söz açıb. O, Azərbaycanın dünya sivilizasiyasının ən qədim beşiklərindən biri, coğrafi baxımdan mədəniyyətlərin qovuşuğunda yerləşən və dini tolerantlığın hökm sürdüyü mədəniyyət ölkəsi olduğunu qeyd edib. Əsrlərdən bəri Azərbaycan ərazisində ayrı-ayrı millətlərin, mədəniyyətlərin və dinlərin nümayəndələrinin dinc yanaşı yaşamasının ölkəmizin mədəni zənginliyi və müxtəlifliyinin bariz göstəricisi olduğunu vurğulayıb.

Azərbaycan dövlətinin diaspor siyasətindən danışan Kamal Abdullayev bu siyasətin əsasında azərbaycançılıq ideyasının durduğunu, diaspor fəaliyyətinin Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu bildirib. O, Azərbaycan Prezidentinin xarici ölkələrdəki diasporumuza mütəmadi dəstək verdiyini qeyd edib.

Kamal Abdullayev Azərbaycan həqiqətlərinin Finlandiyada daha geniş yayılması zəruriliyindən söz açaraq, bu işdə diasporun üzərinə mühüm vəzifələrin düşdüyünü deyib.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək Azərbaycanda dövlət-din münasibətləri və Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı məlumat verib. O, Azərbaycanın müxtəlif mədəniyyətlərin qovuşduğu mühüm bir coğrafi məkanda yerləşdiyini, dini dözümlülüyə və böyük mədəniyyətə malik ölkə olduğunu vurğulayaraq, ölkəmizdə müxtəlif millətlərin, mədəniyyətlərin və dinlərin nümayəndələrinin dinc şəkildə yaşaması üçün dövlət tərəfindən bütün zəruri şəraitin yaradıldığını bildirib.

Xarici ölkələrdə yaşayan azərbaycanlıların dövlətimizin başçısının daim diqqət mərkəzində olduğunu bildirən M.Qurbanlı diasporun daha fəal olması, siyasi baxışlarından asılı olmayaraq xaricdəki azərbaycanlıların azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsi üçün Azərbaycan dövlətinin lazım olan bütün dəstəyi verdiyini və bu dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın müxtəlif xalqları və dinləri birləşdirən ölkə olduğunu, respublikamızda tolerantlıq və dini dözümlülüyün bərqərar olduğunu bildirərək deyib: “Azərbaycan dövləti bütün etnik qrupların öz dillərini, dinlərini, mədəniyyətini, adət-ənənələrini qoruyub saxlamasına və inkişaf etdirməsinə hər cür qayğı göstərir. Ölkəmizdə dövlət dəstəyi ilə sinaqoqlar, məbədlər, məscidlər və kilsələr tikilir. Bütün bunlara görə ölkəmizin siyasətinin dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilməsinin dəfələrlə şahidi olmuşam”.

Sonra nümayəndə heyəti həmvətənlərimizin problemləri, gündəlik qayğıları ilə maraqlanıb.

Azərbaycanın Finlandiyadakı diasporunun nümayəndələri bu görüşü yüksək qiymətləndiriblər. Onlar qeyd ediblər ki, Azərbaycan dövlətinin və dini liderlərinin təmsilçilərinin Finlandiyaya səfəri iki ölkə arasındakı əlaqələrin inkişafına təkan verəcək. Diaspor nümayəndələri Azərbaycan və azərbaycançılıq naminə bundan sonra daha fəal çalışacaqlarını bildiriblər.

Sonda səfir Adış Məmmədov səfər zamanı gərgin iş qrafikinə baxmayaraq, həmvətənlərimizlə görüşə vaxt ayırdıqları üçün nümayəndə heyətinə təşəkkürünü bildirib, keçirilən bu görüşün isə Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin xaricdəki həmvətənlərimizə diqqət və qayğısının təzahürü olduğunu qeyd edib.

növbəti xəbər əvvəlki xəbər
 
bakushop_1