2017-04-29
Samuli Virtanen: Azərbaycanın multikulturalizm modeli digər ölkələrə nümunə ola bilər

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Helsinkidə Finlandiya xarici işlər nazirinin müavini Samuli Virtanen ilə görüşüblər.

Finlandiyanın əsaslandığı dəyərlərdən və ölkənin xarici siyasətinin istiqamətlərindən danışan Samuli Virtanen Azərbaycan nümayəndə heyəti ilə görüşdən məmnunluğunu bildirib. O, Helsinkidə “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda keçirilən konfransın əhəmiyyətini qeyd edib. Xarici işlər nazirinin müavini dünyada baş verən prosesləri nəzərə alaraq belə bir konfransın keçirilməsinin xüsusi önəm kəsb etdiyini bildirib. Nazir müavini Finlandiya cəmiyyətində çoxlu millətlərin təmsil olunduğunu və multikulturalizm dəyərlərinin inkişaf etdiyini deyib, ölkələrimizin bu sahədə daha sıx əməkdaşlıq edəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.

Hazırda dünyada təhlükəsizlik problemlərinin mövcud olduğunu, bu problemlərin həllində Finlandiyanın dialoq metoduna üstünlük verdiyini söyləyən Samuli Virtanen ölkəsinin belə məsələlərdə Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğulayıb.

Azərbaycanın dövlət rəsmilərinin və din xadimlərinin Finlandiyaya səfərinin məqsədi barədə məlumat verən Kamal Abdullayev səfər çərçivəsində bu görüşün keçirilməsinin əhəmiyyətini qeyd edib, Azərbaycan dövlətinin Finlandiya ilə əlaqələri bütün sahələrdə daha da inkişaf etdirmək niyyətində olduğunu diqqətə çatdırıb. O, bütün ölkələrlə, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığa önəm verən Azərbaycanın demokratiya, multikulturalizm və insan haqları dəyərlərinə əsaslanan bir dövlət olduğunu bildirib.

Kamal Abdullayev ölkəmizin birgəyaşayış və multikultural ənənələrinin dünyanın 11-dən çox universitetində “Azərbaycan multikulturalizmi” fənni kimi tədris olunduğunu, bunun üçün Azərbaycan dövləti tərəfindən xüsusi dərs vəsaitlərinin, kitabların və müəllimlərin tədris müəssisələrinə göndərildiyini vurğulayıb. Dövlət müşaviri bu fənn üzrə təhsil alan gənclərin Azərbaycana mütəmadi səfər etdiklərini, ölkəmizin tarixi və mədəniyyəti ilə tanış olduqlarını, habelə səfər əsnasında bütövlükdə regionla bağlı məlumat əldə etdiklərini diqqətə çatdırıb. O, belə bir fənnin Finlandiya təhsil müəssisələrində də tədris olunmasının ölkələrimiz və xalqlarımız arasında daha sıx bağlılığın yaranması işinə töhfə verəcəyini qeyd edib. Bunu nəzərə alaraq, bu məsələni Finlandiya XİN-in dəstəkləyəcəyinə əminliyini vurğulayıb.

Azərbaycanın Avropa regionuna və dəyərlərinə çox yaxın bir məmləkət olduğunu deyən K.Abdullayev hələ 1918-ci ildə bütün müsəlman Şərqində yaradılmış ilk demokratik respublika olan - Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququnun qanunla təsbit edildiyini bildirib. Avropanın bir çox ölkələrində qadınların seçmək və seçilmək hüququnun olmadığı halda Azərbaycanda bu hüququn verildiyini, habelə müsəlman Şərqində ilk operanın da Azərbaycanda yazıldığını həmsöhbətinin diqqətinə çatdırıb.

Sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən söz açan Kamal Abdullayev Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiaları ilə çıxış etdiyini, 20 ildən artıqdır ki, Azərbaycan ərazisinin 20 faizinin bu ölkənin silahlı qüvvələri tərəfindən işğal olunduğunu qeyd edib. O, hərbi təcavüz nəticəsində 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirib, bunun ölkəmiz üçün yaratdığı problemləri diqqətə çatdırıb.

Dövlət müşaviri münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirən, Finlandiyanın da üzvü olduğu ATƏT-in Minsk qrupunun heç bir irəliləyişə nail ola bilmədiyini deyib. O, problemlə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilmədiyini diqqətə çatdırıb, bunun yolverilməz olduğunu bildirib. Əlavə edib ki, Azərbaycan ərazilərinin işğal altında qalması beynəlxalq hüquq normalarının pozulması deməkdir.

Finlandiya xarici işlər nazirinin müavini Samuli Virtanenin “Azərbaycan dövləti multikultural mühiti necə qoruyur” sualına cavab verən Mübariz Qurbanlı Azərbaycanın tarixinə nəzər salaraq, bu regionda çoxlu millətlərin və dinlərin əsrlər boyu dinc şəraitdə birgə yaşadığını deyib. O, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra çətin, amma uğurlu inkişaf yolu keçdiyini, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, Azərbaycanın Qafqazın ən inkişaf etmiş respublikası olduğunu diqqətə çatdırıb. Komitə sədri qeyd edib ki, birgəyaşayış konsepsiyası ölkəmizdə tarixən olsa belə, dövlət tərəfindən bu məsələyə siyasi dəstək verilməsə idi multikultural mühitin yaşadılması mümkün olmazdı. “Bunu nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin multikulturalizmi dövlət siyasətinin tərkib hissəsi etməsi, bu məsələni daim diqqətdə saxlaması birgəyaşayış mühitinin daha da inkişaf etməsinə gətirib çıxarıb. Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə dini etiqadından asılı olmayaraq bütün vətəndaşlara dövlət tərəfindən qayğı və diqqət göstərilir, hər il dini icmaların fəaliyyətinin yaxşılaşdırılması, dini maarifçilik işinin genişləndirilməsi üçün dövlət tərəfindən maliyyə yardımları da ayrılır”,- deyə Mübariz Qurbanlı vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə belə görüşlərin keçirilməsi ilə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənəcəyinə əmin olduğunu bildirib, iqtisadi, humanitar, siyasi əlaqələrlə yanaşı, dini icmaların da bu prosesə töhfə verə biləcəyini qeyd edib.

Sonra Allahşükür Paşazadə Azərbaycandakı dini, mədəni və digər azadlıqlardan danışıb, bunun inkişaf edən ölkəmizin bəşəri dəyərlərə verdiyi əhəmiyyətin göstəricisi olduğunu deyib. Ölkəmizdə bütün dinlərin təmsilçilərinə münasibətdə bərabər yanaşmanın olduğunu bildirən Qafqaz Müsəlmanları İdarəsinin sədri Azərbaycan dövləti tərəfindən kilsə, məbəd, sinaqoq və məscidlərin dövlət hesabına tikildiyini bildirib.

Allahşükür Paşazadə bütün səmavi dinlərdə insan həyatının müqəddəs və toxunulmaz olduğunu qeyd edib, erməni təcavüzkarlarının Xocalıda və işğal edilmiş digər ərazilərdə dinc azərbaycanlı əhaliyə qarşı apardıqları soyqırımı siyasəti barədə məlumat verərək deyib: “Hesab edirəm ki, dinindən, dilindən və əqidəsindən asılı olmayaraq hər kəs Xocalı soyqırımı, ərazilərin zəbt edilməsi, dini məbədlərin və qəbiristanlıqların dağıdılması kimi dəhşətli hadisələrin təkrarlanmaması üçün əlindən gələni etməlidir ki, dünyamız bir daha belə hallarla rastlaşmasın”.

Milli Məclisin deputatı Cavanşir Paşazadə bu səfərin Azərbaycan ilə Finlandiya arasında bütün sahələrdə əlaqələrin daha da inkişafına təkan verəcəyinə əminliyini vurğulayıb, Azərbaycanın sabit, demokratik və inkişaf edən ölkə olduğunu bildirib. O, iqtisadiyyatın bir çox sahələrində səmərəli əməkdaşlıq imkanlarının olduğunu deyib, turizm və kənd təsərrüfatı kimi sahələrə daha çox diqqətin ayrılmasının zəruriliyini nəzərə almağa, gələcəkdə Finlandiya dövlət rəsmilərini və iş adamlarını ölkəmizə səfərlər etməyə çağırıb.

Görüşün sonunda Azərbaycan nümayəndə heyəti Samuli Virtanenə ölkəmizin multikultural və tolerant mədəniyyətini əks etdirən müxtəlif kitablar və hədiyyələr təqdim edib.

növbəti xəbər əvvəlki xəbər
 
bakushop_1