2017-04-28
Finlandiyalı deputatlara Azərbaycandakı multikulturalizm ənənələri barədə məlumat verilib

Helsinkidə səfərdə olan Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin daha bir görüşü Finlandiya parlamentində dini məsələlərlə məşğul olan Administrasiya Komitəsinin sədri Juho Eerola və Finlandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri və üzvləri ilə keçirilib.

Nümayəndə heyətinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycan Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Milli Məclisin deputatı Cavanşir Paşazadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov daxildir.

Parlamentin Administrasiya Komitəsinin sədri Juho Eerola qonaqlara qanunverici orqanın fəaliyyəti, qəbul edilən qanunlar, din və azadlıq kimi məsələlərdə tutduğu mövqe barədə məlumat verib. O, Finlandiyadakı müxtəlif dini birliklərin fəaliyyəti, bu ölkədə dövlət-din münasibətləri və dini etiqadlar barədə təqdimat edib.

Finlandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Eero Lehti Azərbaycan ilə Finlandiya arşındakı ikitərəfli əlaqələrdən bəhs edərək bu əlaqələrin son vaxtlar daha da inkişaf etdiyini bildirib, lakin bu istiqamətdə daha çox işin görülməli olduğunu deyib. Bu səpkidə Azərbaycanın dövlət və din xadimlərinin Finlandiyaya səfər etməsinin vacib olduğunu qeyd edərək, belə konfransların və qarşılıqlı səfərlərin əməkdaşlığın genişlənməsinə təkan verəcəyini vurğulayıb.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev ölkəmizdəki multikulturalizm və tolerant mühitdən söhbət açaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin bu sahədə gördüyü işlərlə bağlı ətraflı məlumat verib. Dünyada böyük vüsət alan islamofobiya və irqçilik kimi halları pisləyən Kamal Abdullayev bu kimi mənfi hallara qarşı milliyyətindən və dinindən asılı olmayaraq birgə mübarizə aparılmalı olduğunu vurğulayıb. Dövlət müşaviri Azərbaycanın dini liderlərinin və dövlət xadimlərinin Finlandiyaya səfərinin önəmini qeyd edərək, müzakirə olunan mövzuların həm Finlandiya, həm də Azərbaycan xalqlarının ümumbəşəri dəyərlərə nə qədər bağlı olduqlarını, bu dəyərləri inkişaf etdirmək üçün ortaq səylərin vacib olduğunu bildirib.

Ölkəmizdəki siyasi, iqtisadi və mədəni inkişaf ilə yanaşı, aparılan tolerantlıq siyasətindən söz açan Kamal Abdullayev qeyd edib ki, Azərbaycan dövləti və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən və dəstəklənən bu siyasət çoxmillətli ölkə olan Azərbaycana böyük fayda gətirir, ölkəmizdə azad cəmiyyətin inkişafında böyük rol oynayır. Dövlət müşaviri Azərbaycandakı parlament ənənələrinə də toxunub, Milli Məclisin dini, etnik və siyasi baxışlarına görə rəngarəng olduğunu diqqətə çatdırıb. O, ölkələrimiz arasında daha sıx əlaqələrin qurula biləcəyini deyərək finlandiyalı deputatları Azərbaycana səfərə dəvət edib.

Xalqımızın müstəqillik uğrunda apardığı mübarizədən, Azərbaycanın keçdiyi çətin tarixi yoldan və bugünkü iqtisadi və siyasi inkişafından söhbət açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bütün çətinliklərə baxmayaraq, ölkəmizdə uğurla aparılan multikulturalizm və tolerantlıq siyasətindən bəhs edib. Bu siyasətə söykənərək Azərbaycanın regionda və dünyada hər gün artan rolunu və əhəmiyyətini diqqətə çatdıran komitə sədri bu faktları əsas tutaraq iki ölkə arasında daha sıx əməkdaşlığın labüd olduğunu vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bu görüşün Finlandiya-Azərbaycan əlaqələrinə müsbət təsir edəcəyini əminliklə vurğulayıb. Şeyxülislam ölkəmizdə dinlərarası və xalqlararası dözümlülük, tolerantlıq, multikulturalizm ənənələrinin dərin köklərə malik olduğunu qeyd edib, bu ənənələrin Azərbaycan dövləti və hökuməti tərəfindən daim dəstəkləndiyini vurğulayıb. Allahşükür Paşazadə bu gün dünyada radikalizmin və terrorizmin artdığı bir zamanda Azərbaycandakı tolerantlıq modelinin başqa ölkələr üçün örnək ola biləcəyini söyləyib.

İslam dinini radikalizmə sürükləmək meyillərinin artmasından, bir çox ölkələrdə bəzi qüvvələrin İslamı siyasiləşdirərək terrorla əlaqələndirmək, onu gözdən salmaq istəklərindən danışan şeyxülislam bu kimi halları pisləyib. Qeyd edib ki, ənənəvi İslam dəyərlərini qoruyub saxlamaq və bu dəyərləri olduğu kimi insanlara çatdırmaq üçün Azərbaycanın müvafiq dövlət qurumları və Qafqaz Müsəlmanları İdarəsi mütəmadi iş aparır.

Milli Məclisin deputatı Cavanşir Paşazadə Azərbaycan və Finlandiya hökumətləri və parlamentləri arasında daha sıx əlaqələrin qurulmasının labüd olduğunu qeyd edib. Azərbaycanda dini tolerantlığı qorumaq üçün Milli Məclisin qəbul etdiyi hüquqi aktlardan ətraflı söz açan Cavanşir Paşazadə bu sahədə böyük nailiyyətlərin olduğunu bildirib. Deputat Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı hökumətin qəbul etdiyi proqramlardan danışaraq ölkələrimizin kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrində əməkdaşlıq imkanlarının dəyərləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüşdə çıxış edən digər din xadimləri Azərbaycandakı tolerantlıq mühitindən, dövlət-din münasibətlərindən danışıblar. Onlar ölkəmizdə müsəlmanların əksəriyyət təşkil etməsinə baxmayaraq, bütün dinlərin nümayəndələrinin sülh şəraitində, heç bir problemlə üzləşmədən yaşadıqlarını vurğulayıblar.

növbəti xəbər əvvəlki xəbər