2017-05-23
28 May – Respublika Günü münasibətilə Stokholmda ziyafət verilib

28 May – Respublika Günü münasibətilə Azərbaycanın İsveçdəki səfirliyi tərəfindən Stokholmda təntənəli ziyafət təşkil olunub.

Mərasimdə İsveçin dövlət və hökumət nümayəndələri, Stokholmda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, İsveç ictimaiyyətinin, habelə Azərbaycan və türk icmalarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və İsveçin dövlət himnləri səsləndirilib.

Ziyafətdə çıxış edən Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov qonaqları salamlayıb və Azərbaycanın qədim tarixi barədə ətraflı məlumat verib. Adış Məmmədov bildirib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulub, lakin sonradan bu dövlət Qızıl Ordu tərəfindən işğal olunub. Uzun illər SSRİ-nin tərkibində olmasına baxmayaraq, dövlətçilik ənənəsini itirməyən Azərbaycan xalqı 1991-ci ildə sovetlər birliyinin dağılması ilə yenidən öz müstəqilliyinə qovuşdu və ölkəmiz dünya birliyinin bərabərhüquqlu üzvünə çevrildi. Səfir ötən müddət ərzində Azərbaycanın çoxlu sayda beynəlxalq və regional təşkilatlara qoşulduğunu, çoxtərəfli əməkdaşlığı genişləndirdiyini deyib. Diplomat ölkəmizin bu təşkilatlar çərçivəsində regional və beynəlxalq təhlükəsizlik problemlərinin həlli, ədalətli dünyanın formalaşdırılması işindəki mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycanın böyük maraq doğuran və diqqəti cəlb edən regionda yerləşdiyini deyən Adış Məmmədov Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən əsası qoyulan dövlətçilik siyasətinin XX əsrin sonunda daha geniş şəkildə həyata keçirildiyini, yeni geosiyasi reallıqlara uyğun yeni Azərbaycanın formalaşdırıldığını qeyd edib.

Bu gün Azərbaycanın yürütdüyü siyasətdən danışan səfir 2016-cı ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edildiyi barədə məlumat verib. Adış Məmmədov Azərbaycan Prezidentinin bu təşəbbüslərlə dünya xalqlarını milli və dini mənsubiyyətindən asılı olmayaraq hər kəsə hörmətlə yanaşmağa, müxtəlif milli-mənəvi dəyərlərə qiymət verməyə çağırdığını vurğulayıb. Adış Məmmədov bunun müasir dünyamızda baş verən hərbi-siyasi münaqişələri, dini-etnik qarşıdurmaları nəzərə alaraq Prezident İlham Əliyev tərəfindən dünyada sülhün və həmrəyliyin təmin edilməsi istiqamətində atılmış böyük bir addım olduğunu vurğulayıb. O, bu kimi təşəbbüslərin Azərbaycanın dünyəvi dəyərlərə verdiyi əhəmiyyətin göstəricisi olduğunu deyib.

Azərbaycanın neft və qaz ölkəsi kimi Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynadığını vurğulayan Adış Məmmədov tikintisi davam etdirilən TANAP və TAP layihələrinin əhəmiyyətindən danışıb. Ölkəmizdə düşünülmüş siyasi, iqtisadi və hüquqi islahatların aparıldığını vurğulayan səfir neft və qaz kəmərləri ilə yanaşı, Azərbaycanın Bakı-Tbilisi-Qars dəmiryolu kimi nəhəng layihələri həyata keçirməklə Şərq ilə Qərbi birləşdirən körpü rolunu oynadığını da diqqətə çatdırıb.

Sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan diplomat münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu vurğulayıb. Bildirilib ki, münaqişə nəticəsində 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. İşğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus maddi-mədəni abidələr ermənilər tərəfindən yer üzündən barbarcasına silindiyini deyən səfir erməni terrorizmini “Taliban” və “İŞİD” terror qruplaşmaları ilə müqayisə edib.

Qeyd edilib ki, BMT Təhlükəsizlik Şurası, Avropanın siyasi institutları və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistanın təcavüzkar siyasətini pisləyən çoxsaylı qətnamələr qəbul olunub və bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərini qeyd-şərtsiz tərk etməsi tələb olunub.

Azərbaycan-İsveç münasibətlərinə toxunan səfir Adış Məmmədov bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd olunduğunu diqqətə çatdırıb. O deyib: “Ötən 25 il ərzində Azərbaycan-İsveç əlaqələrinin inkişaf etdirilməsi, daha geniş sahələri əhatə etməsi məqsədilə çox işlər görülüb. Belə ki, İsveç Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə 1992-ci ildə yaradılan Minsk qrupunun üzvüdür, İsveç, habelə Avropa İttifaqının Şərq Tərəfdaşlığı layihəsinin ideya rəhbərlərindəndir və bu layihə çərçivəsində Aİ ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı mühüm addımlar atılır. İsveç ümumavropa siyasətinin formalaşdırılmasında mühüm rol oynayan ölkələrdən biridir və təbii ki, bu amil İsveçi Azərbaycan üçün əhəmiyyətli ölkələrdən birinə çevirir”.

Azərbaycanın İsveçdəki səfiri, iki ölkə arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, qarşılıqlı rəsmi səfərlərin həyata keçirildiyini, bu səfərlər əsnasında ikitərəfli əlaqələrin inkişafı ilə bağlı bir sıra məsələlərin müzakirə olunduğunu bildirib.

İsveç ilə Azərbaycan arasındakı əlaqələrin tarixinə nəzər salan səfir 1870-ci illərdə məşhur Nobel qardaşlarının Bakı neftinə sərmayələr yatırmaqla o dövrün əsas neft ixracatçılarından birinə çevrilməsindən də danışıb. Məhz Nobel qardaşlarının fəaliyyəti nəticəsində Bakı neft sənayesində yeni texnologiyaların tətbiq olunduğunu, neftin daşınması üçün ilk dəfə olaraq boru kəmərlərinin və tankerlərin istifadəyə verildiyini diqqətə çatdırıb. Bütün bunların Azərbaycanın neft sənayesinin sonrakı inkişafına böyük təkan verdiyini vurğulayan səfir deyib: “Azərbaycan xalqı Nobel qardaşlarını həmişə sevgi və hörmətlə xatırlayıb. Məhz bu hörmətin nəticəsidir ki, Bakıdakı Nobel qardaşlarının malikanəsi “Villa Petrolea” Azərbaycan hökuməti tərəfindən restavrasiya olunub və muzeyə çevrilib. Bu gün “Villa Petrolea” Azərbaycana gələn hər bir isveçlinin sevə-sevə və qürurla baş çəkə biləcəyi məkandır”.

Daha sonra çıxış edən İsveç Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya departamentinin baş direktoru Stefan Qulqren 28 May – Respublika Günü və ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə təbriklərini çatdırıb.

Azərbaycan ilə İsveç arasında tarixi köklərə əsaslanan yaxşı əlaqələrin qurulduğunu vurğulayan isveçli diplomat ölkələrimizin beynəlxalq arenada, müxtəlif təşkilatlar çərçivəsində səmərəli tərəfdaş olduğunu vurğulayıb.

Stefan Qulqren diqqətə çatdırıb ki, İsveçin də üzv olduğu ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün birgə səylər göstərir. İsveç və Polşanın banisi olduğu Şərq Tərəfdaşlığı proqramı çərçivəsində ölkələrimizin böyük nailiyyətlərə imza atdığını, ölkəmizlə yeni saziş ilə bağlı danışıqların aparıldığını və əməkdaşlığın daha da gücləndiriləcəyinə ümidvar olduğunu deyib.

Sonra rəsmi ziyafət verilib.

Tədbirdə iştirak etmək üçün İsveçə səfər edən azərbaycanlı cazmenlər Rain Sultanov və İsfar Sarabskinin ifa etdiyi caz kompozisiyaları tədbir iştirakçılarının böyük marağına səbəb olub.

növbəti xəbər əvvəlki xəbər