Səfirin müraciəti

Əziz dostlar,

Sizləri Azərbaycanın İsveçdəki Səfirliyinin internet səhifəsində salamlayıram.

Azərbaycan qədim İpək Yolu üzərində unikal bir coğrafi məkanda, mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində təşəkkül tapmış əsrarəngiz bir ölkədir. Məhz Azərbaycanda 1918-c ildə müsəlman dünyasında ilk demokratik respublikanın əsası qoyulmuş və iki ilə qədər mövcud olmuşdur. 1920-ci ildə bolşevik işğalına məruz qalmasına baxmayaraq, bu respublika hüquqi dövlətin və demokratik cəmiyyətin formalaşması istiqamətində mühüm addımlar atmış, etnik və dini mənsubiyyətindən asılı olmayaraq vətəndaşların bərabər hüquq və azadlıqlarını təmin etmişdir. Avropa dövlətlərində qadınların seçmək və seçilmək hüquqlarının olmadığı bir dövrdə, Azərbaycan Demokratik Respublikası 1918-ci ildə qadınlara bu hüququ vermişdir.

1991-ci ildə Sovetlər Birliyinin dağılması ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqı regionda baş verən siyasi çəkişmələrə, ölkə daxilindəki  siyasi böhran və elan edilməmiş müharibə təhlükəsinə baxmayaraq, dövlətinə sahib çıxmış, onun möhkəmlənməsini təmin etmiş və regionun siyasi əhəmiyyət kəsb edən dövlətinə çevirmişdir. Məhz bütün bunlar böyük dövlət xadimi və mahir diplomat, müasir Azərbaycanın memarı Heydər Əliyevin uzaqgörən siyasətinin və titanik fəaliyyətinin nəticəsində həyata keçirilmişdir.

Ulu öndər Heydər Əliyevin dövlətçilik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu gün artıq Azərbaycan Bakı-Ceyhan neft və TANAP və TAP kimi qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmiryolu kimi nəhəng layihələri həyata keçirməklə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı kimi, Şərqlə Qərbi birləşdirən körpü rolunu oynayaraq regionun həm siyasi, həm də iqtisadi baxımdan əvəzolunmaz bir ölkəsinə çevrilmişdir.

Bütün bunlarla yanaşı Azərbaycan həm də qədim mədəniyyətin beşiyidir. Azərbaycan xalqı dünyaya Nizami Gəncəvi, Məhəmməd Fizuli, Nəsrəddin Tusi və s. kimi söz-sənət sahibləri, fikir və elm xadimləri bəxş etmişdir.  UNESCO tərəfindən dünyanın mədəni irsi siyahısına daxil edilmiş ecazkar milli musiqi olan Muğam da Azərbaycan xalqına məxsusdur.

Əziz dostlar,

Dövlətimizin xaricdə rəsmi səlahiyyətli nümayəndəsi olaraq, diplomatik missiya və konsulluqlarımız ölkəmizi akkreditə olunduqları ölkələrdə təmsil etməklə bərabər, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan həmvətənlərimizin də hüquq  və mənafelərinin qorunması, onların maraqlarının həyata keçirilməsini təmin edirlər. 2008-ci ildən bəri Stokholmda fəaliyyət göstərən Azərbaycanın İsveçdəki Səfirliyi və onun bütün əməkdaşları üzərilərinə düşən bu şərəfli missiyanı böyük diqqət və qayğı ilə yerinə yetirirlər. Ölkəmiz haqqında daha ətraflı məlumat əldə etmək istəyən və ya Azərbaycan xalqı ilə hər hansı bir əməkdaşlıq əlaqələri qurmaq istəyən hər kəsə Səfirlikdə köməklik göstərməyə hər zaman hazırıq.

Hörmətlə,

Adış Məmmədov

 
bakushop_1