Voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatının final mərhələsinin təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurunun sadələşdirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin 5 aprel tarixli Sərəncamına əsasən Bakı şəhərində və Göygöl rayonunda keçiriləcək voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatının final mərhələsi (bundan sonra - çempionat) ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

 

            Viza alınması üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı sənədlərdən birini təqdim etməlidir:

            1. Avropa Voleybol Konfederasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçməni təsdiq edən sənəd;

2. çempionat oyunlarına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

 

             Çempionatla ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər viza almaq üçün aşağıdakı müddətlərdə müraciət edə bilərlər:

1. təşkilati məsələlərlə əlaqədar gələn və Avropa Voleybol Konfederasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmiş şəxslər – 2017-ci il avqustun 15-dən oktyabrın 15-dək;

2. çempionatda iştirak edən komandaların üzvləri və nümayəndə heyətləri – 2017-ci il sentyabrın 1-dən oktyabrın 10-dək;

3. Avropa Voleybol Konfederasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmiş jurnalistlər, habelə çempionat oyunlarına bilet əldə etmiş şəxslər – 2017-ci il sentyabrın 10-dan oktyabrın 5-dək.

 

Eyni zamanda, Çempionatla əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən təsdiq edilmiş ölkələrin siyahısı üzrə “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala bilərlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər www.evisa.gov.az internet səhifəsinə daxil olduqda, ətraflı məlumatı alaraq, elektron viza üçün müraciət edə bilərlər.

 
bakushop_1