2016-05-28
Azərbaycanın İsveçdəki səfirliyi 28 May - Respublika günü münasibətilə rəsmi ziyafət təşkil edib

Azərbaycanın İsveçdəki səfirliyi Stokholmda 28 May – Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil edib.

Mərasimdə İsveçin dövlət və hökumət nümayəndələri, Stokholmda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, İsveç ictimaiyyətinin, Azərbaycan və türk icmalarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və İsveçin dövlət himnləri səsləndirilib.

Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov ziyafətdə çıxış edərək Azərbaycan Respublikasının tarixindən ətraflı söhbət açıb. O, 1918-ci ilin bu günündə Azərbaycan xalqının özünün müstəqilliyini elan etdiyini və müsəlman Şərqinin ilk respublikası olan Azərbaycan Demokratik Respublikasını qurduğunu, lakin sonradan bu dövlətin Qızıl Ordu tərəfindən işğal olunduğunu qeyd edib. Uzun illər SSRİ-nin tərkibində olmasına baxmayaraq, dövlətçilik ənənəsini itirməyən Azərbaycan xalqının 1991-ci ildə Sovetlər Birliyinin dağılması ilə yenidən öz müstəqilliyinə qovuşduğunu və ölkəmizin dünya birliyinin bərabərhüquqlu üzvünə çevrildiyini vurğulayan səfir ötən müddət ərzində Azərbaycan Respublikasının çoxlu sayda beynəlxalq və regional təşkilatlara qoşularaq çoxtərəfli əməkdaşlığı genişləndirdiyini bildirib, bu təşkilatlar çərçivəsində regional və beynəlxalq təhlükəsizlik problemlərinin çözülməsi, ədalətli dünyanın formalaşdırılması işindəki mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycanın böyük diqqət cəlb edən və bir çox maraqların toqquşduğu coğrafi məkanda yerləşdiyini deyən səfir Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən əsası qoyulan dövlətçilik siyasətinin XX əsrin sonunda daha geniş şəkildə həyata keçirildiyini, yeni geosiyasi reallıqlara uyğun yeni Azərbaycanın formalaşdırıldığını söyləyib. Adış Məmmədov müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin şah əsəri olduğunu qeyd edərək deyib: “Dövlət və dövlətçilik siyasəti bu gün də Ulu Öndərin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bunun nəticəsində Azərbaycan gündən-günə yeni nailiyyətlərə imza atır”.

Azərbaycanın neft və qaz ölkəsi kimi Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynamaq istəyini vurğulayan A.Məmmədov tikintisi başlamış TANAP və TAP qaz kəmərlərinin əhəmiyyətindən danışıb.

Sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə söhbət açan səfir münaqişə nəticəsində artıq 23 ildir ki, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan Respublikasının hərbi birləşmələri tərəfindən işğal olunduğunu vurğulayıb, baş verən işğal faktı nəticəsində 1 milyona yaxın azərbaycanlının köçkün halına düşdüyünü, bunun nəticəsində həmin ərazilərdə azərbaycanlılara məxsus mədəni abidələrin erməni hərbi birləşmələri tərəfindən yer üzündən barbarcasına silindiyini diqqətə çatdırıb və erməni terrorizmini “Taliban” və “İŞİD” ilə müqayisə edib.

BMT Təhlükəsizlik Şurası, Avropanın siyasi institutları və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistanın təcavüzkar siyasətini pisləyən çoxsaylı qətnamələr qəbul olunduğunu və bu qətnamələrdə işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz tərk edilməsinin Ermənistandan tələb olunduğunu xatırladan A.Məmmədov Ermənistanın bu günə qədər təcavüzkar siyasətini davam etdirdiyini təəssüf hissi ilə qeyd edib.

Çıxışında İsveç-Azərbaycan münasibətlərinə toxunan səfir İsveçin Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən ölkələrdən biri olduğunu vurğulayıb, əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini, qarşılıqlı rəsmi səfərlərin həyata keçirildiyini, bu səfərlər əsnasında münasibətlərin dərinləşməsi ilə bağlı bir sıra məsələlərin müzakirə olunduğunu bildirib.

Rəsmi ziyafət boyu Azərbaycanla bağlı müxtəlif videogörüntülər təqdim edilib. Müğənni Könül Məmmədovanın başçılıq etdiyi trionun ifasında səslənən Azərbaycan xalq mahnıları və muğamları böyük maraq doğurub.

növbəti xəbər əvvəlki xəbər