2017-01-20
Azərbaycanın İsveçdəki səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümü qeyd edilib

Azərbaycanın İsveç Krallığındakı səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbiri açan Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov 20 Yanvar faciəsindən öncə keçmiş SSRİ-nin süqutu istiqamətində gedən proseslərdən, müttəfiq respublikalarda formalaşan milli dirçəliş hərəkatları və millətlərin azad, müstəqil olmaq arzularından, bütün bu proseslərin yaratdığı gərginliklə yanaşı, ölkəmizdə erməni separatizminin baş qaldırması ilə hökm sürən ağır siyasi vəziyyətdən danışaraq, o vaxtkı hökumətin səriştəsiz siyasəti və bu siyasətin fəsadları barədə tədbir iştirakçılarına geniş məlumat verib.

20 Yanvar hadisələrinin Azərbaycan xalqının milli mücadilə tarixində və azərbaycançılıq siyasətindəki mühüm rolundan söz açan səfir həmin gün baş verənlərin Azərbaycan xalqının müstəqillik və ədalət istəyini dayandırmaq istəyən sovet hökumətinin qəddar planının tərkib hissəsi olduğunu qeyd edib. Həmin gün ilə bağlı şəxsi xatirələrini bölüşən Adış Məmmədov deyib: “Bu gün hər bir azərbaycanlı 20 Yanvar hadisələrini milli matəm, hüzn günü kimi qeyd edir, o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayır. Çünki 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi xalqın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi”.

Qanlı hadisələri ört-basdır etmək məqsədilə Azərbaycanın informasiya blokadasına alındığı bir zamanda Moskvada yaşayan ulu öndər Heydər Əliyevin öz həyatını təhlükəyə ataraq xalqın səsini dünyaya çatdırdığını, sovet qoşunlarının Azərbaycandan çıxarılmasını tələb etdiyini bildirən səfir 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi və faciənin günahkarlarının müəyyən edilərək ictimaiyyətə açıqlanmasının da məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırladıb.

Səfir Azərbaycan xalqının milli mübarizəmizin şanlı səhifəsi olan 20 Yanvar hadisələrini heç zaman unutmayacağını, bu gün də dövlətimizi və Vətənimizi qorumaq üçün Ali Baş Komandan Prezident İlham Əliyevin bir çağırışı ilə silaha sarılmağa, bu müqəddəs amal uğrunda can verməyə hazır olduğunu qeyd edib.

Tədbirdə çıxış edən İsveçdə fəaliyyət göstərən diasporumuzun fəalları bildiriblər ki, Azərbaycan tarixinə qanla yazılan 20 Yanvar faciəsi, eyni zamanda, xalqımızın qəhrəmanlıq salnaməsində özünəməxsus yer tutur. Xalqımız, o cümlədən xaricdə yaşayan azərbaycanlılar hər il 20 Yanvar şəhidlərinin əziz xatirəsini anmağı özlərinin mənəvi borcu hesab edirlər.

Qeyd edək ki, tədbirdə Stokholmdakı səfirliyin əməkdaşları, Azərbaycan diasporunun və İsveç ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Sonda 20 Yanvar hadisələrini əks etdirən film nümayiş etdirilib.

növbəti xəbər əvvəlki xəbər