2017-02-24
Azərbaycanın İsveçdəki səfirliyi Şimali Avropa ölkələrinin ictimaiyyətini Xocalı soyqırımı barədə məlumatlandırıb

Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar Azərbaycanın İsveçdəki səfirliyi Norveç, İsveç və Finlandiya Xarici İşlər nazirliklərinə, deputatlarına, bu ölkələrdə fəaliyyət göstərən KİV-lərə, humanitar təşkilatlara və səfirliklərə press-reliz, broşürlər və soyqırımı barədə kitablar göndərib.

Press-relizdə Azərbaycan tarixinin qanlı səhifələrindən biri olan Xocalı faciəsi ilə bağlı geniş məlumat verilir. Bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri əhalisi tamamilə azərbaycanlılardan ibarət olan Xocalı şəhərini 1 gecənin içərisində darmadağın edib. Erməni silahlı qüvvələri şəhərin dinc əhalisini etnik azərbaycanlı olduqları üçün qətliama məruz qoyub. Nəticədə Xocalıda yaşayan insanlara qarşı inanılmaz vəhşiliklər törədilib, 613 nəfər xüsusi amansızlıqla öldürülüb.

Azərbaycanın Ermənistanın hərbi təcavüzü ilə üz-üzə qaldığı bildirilən məlumatda 1992-ci ildən başlayaraq Azərbaycan ərazisinin 20 faizinin Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunduğu qeyd edilir. İşğal olunmuş ərazilərdən 1 milyondan artıq azərbaycanlının öz doğma yurd-yuvalarından qovularaq, qaçqın və köçkün halına salındığı vurğulanır. Bundan əlavə, işğal olunmuş ərazilərdə azərbaycanlılara məxsus bütün maddi və mənəvi abidələrin erməni işğalçıları tərəfindən darmadağın edildiyi diqqətə çatdırılır.

Məktubda Avropa İnsan Hüquqları məhkəməsinin Xocalı hadisələrinin erməni hərbçiləri tərəfindən törədildiyini və bunun müharibə cinayəti olduğu diqqətə çatdırılıb.

Bu cinayəti törədənlərin cəzalandırılmamasının və Azərbaycan ərazilərinin hələ də işğal altında qalmasının Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına maneə olduğu qeyd edilir.

növbəti xəbər əvvəlki xəbər
 
bakushop_1