2017-02-26
Xocalı soyqırımı heç vaxt unudulmayacaq

Bakıda keçirilən ümumxalq yürüşü bunu bir daha sübut etdi


Azərbaycanın XX əsr tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının 25 ili tamam oldu. Fevralın 26-da bununla bağlı Bakıda 40 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, paytaxtın Azadlıq meydanına toplaşan insanlar əllərində “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Xocalı soyqırımı-25 il!”, “Rədd olsun erməni faşizmi!” şüarları yazılmış plakatlar tutmuşdular. Yürüş iştirakçıları səhər tezdən paytaxtın baş meydanından Xocalı soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunun ərazisində ucaldılmış abidəyə doğru hərəkətə başladılar.

Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyan bu izdihamlı yürüş bir daha sübut etdi ki, xalqımız tarixinə qanla yazılmış bu faciəni heç vaxt unutmayacaqdır.

Yürüş iştirakçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Elçin Əhmədov deyir: “Xocalı soyqırımından 25 il ötsə də, onun ağrı-acıları qəlbimizdə yaşayır. Mən bu yürüşə gələn insanların kədərli çöhrələrinə baxanda bir daha yəqin etdim ki, ermənilərin Xocalının dinc sakinlərinə qanlı divan tutmalarının dəhşətləri yaddaşlardan silinməyib və heç zaman silinməyəcək. Bir gecədə məhv edilmiş Xocalı şəhərinin adı indi Xatın, Ruanda, Srebrenitsa və Holokost ilə qoşa çəkilir. Bugünkü yürüşün məqsədi də Xocalı soyqırımı həqiqətlərini bir daha dünya ictimaiyyətinə çatdırmaqdır. Bu yürüş həm də Azərbaycan xalqının sıx birliyini, şəhidlərinin xatirəsinə ehtiramını, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini nümayiş etdirir. Onu da xatırladım ki, Xocalıdan əvvəl Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin, eləcə də Xocalı faciəsindən təqribən ay yarım sonra Kəlbəcər rayonunun Ağdaban kəndinin işğalı zamanı həmin yaşayış məntəqələrinin əhalisinin bir hissəsi ermənilər tərəfindən qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib, bu yaşayış məntəqələri yandırılaraq yer üzündən silinib”.

Son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törədiblər. Xocalı faciəsi isə 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi olub. Bu dəhşətli soyqırımı dünyanın gözü qarşısında baş verib, qəddarlığı və amansızlığı ilə fərqlənib. Bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət isə birbaşa Ermənistanın o zamankı və indiki rəhbərliyinin, Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür.

Ümumxalq yürüşünün iştirakçısı, Xocalı Rayon Polis Şöbəsinin keçmiş rəis müavini, istefada olan polis polkovniki Hafiz Ədilov deyir: “Ermənilər əslində Xocalıya qədər Dağlıq Qarabağda azərbaycanlıların kütləvi şəkildə məhv edilməsinə başlamışdılar. Fevralın 12-də erməni silahlı dəstələri tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndlərində baş verən qarət və qırğınlar da bunu təsdiqləyir. Təkcə Malıbəyli kəndində 50 nəfər öldürüldü, onlarla insan yaralandı və girov götürüldü. Xocavənd rayonunun Qaradağlı kəndində isə 80 nəfərdən çox azərbaycanlı ermənilər tərəfindən qətlə yetirildi. Bütün bunlar Xocalıya aparan yolun başlanğıcı idi. Qaradağlı faciəsini ikinci Xocalı soyqırımı da adlandırmaq olar.

Ermənilər Xocalıya gecə hücum etdilər. Əhali evlərini tərk edərək Ağdama doğru üz tutdu. Erməni faşistlər hər tərəfi oda qaladığından gizlənmək mümkünsüz idi. Mülki əhali Naxçıvanik kəndi yaxınlığında, açıqlıq ərazidə ermənilər tərəfindən gülləbarana tuş gəldi. Qaranlıq müdhiş gecədə çöllərə, meşələrə üz tutan Xocalı sakinləri müsibətlərlə qarşılaşdılar. Azğınlaşmış erməni cinayətkarları azərbaycanlıları xüsusi amansızlıqla, işgəncə verərək öldürürdülər. Ermənilər mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş xocalılıları yollarda, keçidlərdə, meşələrdə pusqu quraraq tutur, görünməmiş vəhşiliklə qətlə yetirir, girov götürürdülər.

Bu gün bu izdihamı görəndə bir daha yəqin etdim ki, qisas yerdə qalmayacaq və ermənilər layiqli cəzalarını alacaqlar”.

Xocalı soyqırımı erməni silahlı birləşmələrinin Azərbaycana hərbi təcavüzünün ən qanlı səhifəsidir. Aylarla mühasirədə saxlanılan bu şəhər erməni faşistləri və onların havadarları tərəfindən bir gecənin içində yerlə-yeksan edildi. Bu qanlı aksiya zamanı dinc əhaliyə amansızlıqla divan tutuldu, 613 nəfər qətlə yetirildi, meyitlər təhqir olundu, 1275 nəfər girov götürüldü, 197 nəfərin isə taleyi hələ də məlum deyildir. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürüldü, insanlar diri-diri yandırıldı, başlarının dərisi soyuldu, bədən əzaları kəsildi, gözləri çıxarıldı, hamilə qadınların qarnı süngü ilə yarıldı.

Bu statistika yürüş iştirakçılarının başları üzərində tutduqları, binaların fasadlarından, eyvanlardan asılmış transparantlarda, marşrut boyunca monitorlarda nümayiş olunub.

Ermənistan silahlı qüvvələrinin Xocalıya hücumunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. Xocalı Dağlıq Qarabağda Şuşadan sonra azərbaycanlıların ikinci böyük yaşayış məntəqəsi idi. Xocalıya 1990-cı ildə şəhər statusu verilmişdi. 1991-ci ilin statistikasına görə, şəhərdə 7 min nəfər əhali yaşayırdı. Xocalı Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Dağlıq Qarabağda yeganə hava limanı da Xocalıdadır.

Xocalı azərbaycanlıların tarixən məskunlaşdığı ərazidir və qədim tarixi abidələr indiyə qədər qalmaqdadır. Şəhərin yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son tunc və ilkin dəmir dövrlərinə aid dəfn abidələri – daş qutular, kurqanlar və nekropollar tapılıb. Həmçinin burada memarlıq abidələri – dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daşdan, bürüncdən, sümükdən hazırlanmış bəzək və gildən düzəldilmiş ev əşyaları və s. tapılıb.

Şəhərdə toxuculuq fabriki, 2 orta və 2 natamam orta məktəb var idi.

Ötən əsrin son illərində baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məshəti türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndidən qovulmuş azərbaycanlıların bəziləri şəhərdə məskunlaşmışdılar.

Sonralar erməni tərəfi etiraf edib ki, onların əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əsgəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan hava limanının ələ keçirilməsi idi.

Ümumxalq yürüşünün daha bir iştirakçısı - Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyir: “Bütün bunlar sübut edir ki, Xocalıda törədilən vəhşiliklər əvvəlcədən planlaşdırılmış soyqırımı siyasətinin tərkib hissəsi olub. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni faşistlər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Miqyasına və dəhşətlərinə görə dünya tarixində bənzəri az olan Xocalı soyqırımını törətməkdə erməni cəlladlar uzağa hesablanmış məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən niyyətinə çata bilmədi. Bu faciənin soyqırımı olduğunu BMT-nin Soyqırımı Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyasının, Ümumdünya İnsan Haqları Bəyannaməsinin, Vətəndaş və Siyasi Hüquqlar barədə Beynəlxalq Sazişin, Fövqəladə Vəziyyətlərdə və Hərbi Münaqişələr Zamanı Qadınların və Uşaqların Müdafiəsi Bəyannaməsinin, Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsinin, Ruanda Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanının müddəaları təsdiq edir”.

Azərbaycan dövləti və hökuməti, Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatları, diaspor qurumları Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha geniş coğrafiyada çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atırlar. Bu istiqamətdə fəaliyyətin oriyentirlərini də ulu öndərimiz Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra müəyyənləşdirib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin Xocalı soyqırımının müzakirəsinə həsr olunmuş xüsusi iclası keçirilib, hər il fevralın 26-sının “Xocalılıların soyqırımı günü” kimi qeyd olunması barədə qərar qəbul edilib. Ümummilli lider Heydər Əliyev 1997-ci il fevralın 25-də hər il fevralın 26-sı saat 17-də Azərbaycanın bütün ərazisində “Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilməsi haqqında”, 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” fərmanlar imzalayıb, 2007-ci ildə Milli Məclis Xocalı soyqırımının 15 illiyi, 2012-ci ildə 20 illiyi, 2017-ci ildə 25 illiyi ilə əlaqədar geniş qərarlar qəbul edib, Prezident İlham Əliyev Xocalı soyqırımının iyirminci və iyirmi beşinci ildönümləri haqqında 2012-ci il yanvarın 17-də və 2017-ci il yanvarın 24-də sərəncamlar verib.

Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2008-ci ildə irəli sürülmüş “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının mühüm rolu olub. Bu kampaniya çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı ermənilərin Xocalıda törətdikləri mənfur əməlləri “insanlığa qarşı kütləvi cinayət” kimi tanıyıb və üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırıb. Dünyanın 10-dan çox ölkəsinin parlamenti, ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı Xocalı qırğınını soyqırımı aktı kimi tanıyıb. “Human Rights Watch” təşkilatı bu qanlı faciəni hərbi əməliyyatlar zonasında dinc sakinlərə münasibət haqqında konvensiyanın pozulmasından ibarət cinayət kimi qiymətləndirib.

Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsinin ümumxalq yürüşü ilə yad edilməsi onu göstərir ki, ermənilərin həyata keçirdikləri bu dəhşətli qətliam xalqımızın yaddaşından heç vaxt silinməyəcək, bu cinayəti törədənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.

Bu fikri deməyə əsas verən kifayət qədər ciddi amillər var. Azərbaycanın torpaqları işğal olunub, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. Nüfuzlu beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Həm bu amil, həm də Azərbaycanın regionun qüdrətli dövlətinə çevrilməsi deməyə əsas verir ki, ölkəmiz Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olacaq.

Belə güclü yəqinliyi şərtləndirən ən böyük amillər - xalqımızın vətənpərvərliyi, döyüşkən ruhu, torpağa məhəbbəti, həmçinin dövlətimizin başçısının uğurlu siyasəti və qətiyyətli mövqeyidir. Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar keçirilən ümumxalq yürüşündə soydaşlarımızın nümayiş etdirdikləri həmrəylik də məhz bu amillərdən qaynaqlanır. Bu izdiham bir daha təsdiqləyir ki, işğal altında qalan torpaqlarımızı mütləq azad edəcəyik! Bu gün Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan xocalılılar da bu inamla yaşayır və doğma şəhərlərinə qayıdacaqları günün uzaqda olmadığına inanırlar.

növbəti xəbər əvvəlki xəbər
 
bakushop_1