2018-05-10
Azərbaycanın İsveçdəki səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanın İsveçdəki səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə səfirliyin əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. 

Tədbiri açan səfir Adış Məmmədov ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri barədə geniş danışaraq, bu böyük şəxsiyyətin müstəqil Azərbaycanın qurulması və inkişafı, xalqımızın firavanlığı naminə həyata keçirdiyi siyasətdən bəhs edib. Adış Məmmədov bildirib ki, Heydər Əliyevin prinsipial, qətiyyətli qərarları, siyasi uzaqgörənliklə atılmış addımları Azərbaycanın dünya dövlətləri arasında təkcə layiqli yerini tutması ilə nəticələnmədi, eyni zamanda, Azərbaycanı dünyanın maraq dairəsinə çevirə bildi.

Səfir deyib ki, Azərbaycan xalqının ən çətin günlərində xilaskarlıq missiyasını uğurla yerinə yetirən Heydər Əliyev güclü dövlətin və vətənpərvər xalqın formalaşmasını təmin edən əsl lider idi. Ulu Öndərin apardığı siyasətin əsasında isə Azərbaycanın inkişafını və xalqın birliyini təmin edən azərbaycançılıq ideologiyası dayanıb. Məhz Ulu Öndərin rəhbərliyi ilə idarəetmənin bütün sahələrində köklü islahatların aparıldığını, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması istiqamətində böyük işlər görüldüyünü, Azərbaycan cəmiyyətində multikultural dəyərlərin qorunması və tolerantlıq mühitinin daha da inkişaf etdirilməsi ilə bağlı məqsədyönlü şəkildə siyasətin həyata keçirildiyini bildirən Adış Məmmədov bütün bunların güclü Azərbaycan dövlətinin formalaşmasına xidmət etdiyini söyləyib.

Sonra səfir Ulu Öndər tərəfindən Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərinin müəyyən edilməsi, dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələrin qurulması və beynəlxalq təşkilatlarda Azərbaycanın fəaliyyəti ilə bağlı geniş danışaraq, Ümummilli Liderin Azərbaycanın xarici siyasətinin əsas memarı olduğunu vurğulayıb.

Səfir çıxışının sonunda vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin güclü təməllər üzərində qurduğu Azərbaycan dövləti onun siyasətini böyük əzmlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edir. O deyib ki, aprelin 11-də Azərbaycan xalqı İlham Əliyevi yenidən Prezident seçməklə Heydər Əliyev siyasi kursuna bir daha sadiq qaldığını göstərdi.

Sonra İsveçdəki Azərbaycan Federasiyasının sədri Səttar Sevgin çıxış edərək dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin azərbaycançılıq ideologiyası ətrafında birləşməsində və diaspor siyasətinin formalaşdırılmasında Ulu Öndərin rolundan danışıb.

Digər çıxış edənlər Ulu Öndərin həyat və fəaliyyətindən söz açaraq, onun ölkəmizin inkişafı naminə mühüm xidmətlərini qeyd ediblər.

Sonda Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.

əvvəlki xəbər