2018-05-29
İsveçdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə rəsmi ziyafət təşkil edilib

Azərbaycanın İsveçdəki səfirliyi paytaxt Stokholmda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə rəsmi ziyafət təşkil edib.

Mərasimdə İsveçin dövlət və hökumət nümayəndələri, Stokholmda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, İsveç ictimaiyyətinin, habelə Azərbaycan və türk icmalarının nümayəndələri iştirak edib.

Əvvəlcə Azərbaycanın və İsveçin dövlət himnləri səsləndirilib.

Ziyafətdə giriş sözü ilə çıxış edən Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov qonaqları salamlayıb və Azərbaycan Respublikasının tarixindən ətraflı söz açıb. O, Azərbaycan xalqının 100 il bundan əvvəl, 1918-ci ilin 28 may tarixində öz müstəqilliyini elan etdiyini və türk-islam Şərqinin ilk respublikası olan Azərbaycan Demokratik Respublikasını qurduğunu bildirib. “Azərbaycan Demokratik Respublikası mövcud olduğu qısa müddət ərzində demokratik cəmiyyətin formalaşması istiqamətində mühüm addımlar atıb, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarının bərabərliyini təmin edib. Avropanın bir çox dövlətlərində qadınların seçmək və seçilmək hüquqlarının olmadığı bir dövrdə, Azərbaycan Demokratik Respublikası 1918-ci ildə qadınlara bu hüququ verib. Respublika qısa müddətdə özünün beynəlxalq əlaqələrini də qurmağa nail olub və beynəlxalq aləmdə de-fakto tanınıb”, - deyə Adış Məmmədov qeyd edib. ADR-in Qızıl Ordu tərəfindən işğalından sonrakı taleyi barədə məlumat verən Adış Məmmədov uzun illər SSRİ-nin tərkibində qalsa da Azərbaycan xalqının dövlətçilik hisslərini heç vaxt itirmədiyini və 1991-ci ildə Sovet İttifaqının dağılması ilə yenidən müstəqil dövlət qurmağa nail olduğunu bildirib.

Regionda baş verən siyasi çəkişmələrə, ölkə daxilindəki siyasi böhrana və Ermənistan tərəfindən elan edilməmiş müharibəyə cəlb olunmasına baxmayaraq, Azərbaycan xalqının dövlətinə sahib çıxdığını qeyd edən səfir bildirib ki, Azərbaycan bu gün regionun mühüm dövləti olmuşdur. Azərbaycanın böyük diqqət cəlb edən və bir çox maraqların toqquşduğu regionda inkişaf etmiş dövlətə çevrildiyini deyən Adış Məmmədov fikrini davam etdirərək bildirib: “Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən əsası qoyulan milli dövlətçilik siyasəti XX əsrin sonunda daha geniş şəkildə həyata keçirildi və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə yeni geosiyasi reallıqlara uyğun yeni Azərbaycan formalaşdırıldı. Ulu Öndərin siyasətini bu gün layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan durmadan yeni uğurlara imza atır.

Sonra Adış Məmmədov müstəqilliyinin bərpasından ötən 27 il ərzində müasir Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərdən danışıb, Respublikanın bir çox beynəlxalq və regional təşkilatların üzvlüyünə qoşulduğunu, çoxtərəfli əməkdaşlığı inkişaf etdirdiyini bildirib, bu təşkilatlar çərçivəsində regional və beynəlxalq sülhün gücləndirilməsi istiqamətində səylərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycanın neft və qaz ölkəsi kimi Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynamaq istəyini vurğulayan A.Məmmədov Bakı-Tbilisi-Ceyhan neft və tikintisi bitmək üzrə olan TANAP və TAP qaz kəmərlərinin əhəmiyyətindən ətraflı danışıb, beynəlxalq İpək Yolu layihəsində Azərbaycanın yeri və rolu haqqında məlumat verib.

Sonra Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində söz açan səfir münaqişə nəticəsində artıq 26 ildir ki, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan Respublikasının hərbi birləşmələri tərəfindən işğal olunduğunu vurğulayıb, baş verən işğal faktı nəticəsində 1 milyona yaxın azərbaycanlının köçkün halına düşdüyünü, bunun nəticəsində ərazilərdəki azərbaycanlılara məxsus mədəni abidələrin erməni hərbi birləşmələri tərəfindən yer üzündən barbarcasına silindiyini diqqətə çatdırıb və erməni terrorizmini “Taliban” və “İŞİD”-lə müqayisə edib.

BMT Təhlükəsizlik Şurası, Avropanın siyasi institutları və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistanın təcavüzkar siyasətini pisləyən çoxsaylı qətnamələr qəbul olunduğunu və bu qətnamələrdə işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz tərk edilməsinin Ermənistandan tələb olunduğunu xatırladan A.Məmmədov Ermənistanın dünyada sülhün və təhlükəsizliyinin təminatçısı kimi çıxış edən beynəlxalq təşkilatların çağırışlarına məhəl qoymadan bu günə qədər təcavüzkar siyasətini davam etdirdiyini təəssüf hissi ilə qonaqların nəzərinə çatdırıb.

Çıxışında İsveç-Azərbaycan münasibətlərinə toxunan səfir İsveçin Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən ölkələrdən biri olduğunu vurğulayıb, iki ölkə arasındakı bu əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, qarşılıqlı rəsmi səfərlərin həyata keçirildiyini, müxtəlif sahələr üzrə bir sıra sənədlərin imzalandığını bildirib.

Rəsmi ziyafət boyu Azərbaycanla bağlı müxtəlif videogörüntülər təqdim edilib. Müğənni Günay İmamverdiyevanın başçılıq etdiyi trionun ifasında səslənən Azərbaycan xalq mahnıları və muğamları böyük maraq doğurub.

Onu da qeyd edək ki, tədbir əsnasında İsveçdə yaşayan azərbaycanlı rəssam Kəmalə Kərimova-Yansonun Azərbaycanın milli qadın geyimlərindən ibarət əl işlərinin sərgisi də nümayiş olunub və bu sərgi iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

növbəti xəbər əvvəlki xəbər