2018-05-24
İsveçin Malmö Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov Malmö şəhərinə səfəri çərçivəsində Malmö Universitetinin rektoru Kerstin Tham ilə görüşüb.

Görüşdə Azərbaycanda fəaliyyət göstərən universitetlərlə Malmö Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub.

Əvvəlcə rektor Kerstin Tham səfir Adış Məmmədova rəhbərlik etdiyi təhsil müəssisəsi barədə məlumat verib. O qeyd edib ki, Malmö Universiteti İsveçdə ən gənc universitet olmasına baxmayaraq, fəaliyyət göstərdiyi müddət ərzində böyük uğurlara imza atıb və beynəlxalq səviyyədə tanınır. Malmö Universitetində fəaliyyət göstərən fakültə və kafedralar haqqına söz açan rektor burada çoxlu sayda xarici tələbənin təhsil aldığını və onlar üçün bütün şəraitin yaradıldığını qeyd edib. Kerstin Tham rəhbərlik etdiyi universitetin həyata keçirdiyi təhsil siyasəti çərçivəsində fənlərin ictimailəşdirilməsinə üstünlük verildiyini bildirib. O, burada mədəniyyət və cəmiyyət fakültəsi nəzdində fəaliyyət göstərən Rusiya və Qafqaz Regionu Araşdırmaları Mərkəzinin Azərbaycanın yerləşdiyi regionu öyrənməsinin əhəmiyyətini vurğulayıb.

Səfir Adış Məmmədov Azərbaycan dövlətinin İsveç ilə əlaqələrini bütün sahələrdə daha da inkişaf etdirmək niyyətində olduğunu diqqətə çatdırıb. O, bütün ölkələrlə və təhsil müəssisələri ilə qarşılıqlı faydalı əməkdaşlığa önəm verən Azərbaycanın demokratiya, multikulturalizm və insan haqları dəyərlərinə əsaslanan bir dövlət olduğunu bildirib.

Adış Məmmədov Rusiya və Qafqaz Regionu Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Qafqazda azadlıq bəyannamələri-100 il” adlı konfransda iştirak etmək üçün Malmöyə səfər etdiyini söyləyib, bu tədbir barədə həmsöhbətinə məlumat verib. Rusiya və Qafqaz Regionu Araşdırmaları Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirən səfir Azərbaycanı daha yaxşı öyrənmək üçün mərkəzdə çalışan alimlərin və təhsil alan tələbələrin ölkəmizə səfər etməsinin, lazımi kitab və dərsliklərin buradakı kitabxanaya təqdim olunmasının və elmi sahədə daha sıx əməkdaşlıq imkanlarının qurulmasının əhəmiyyətini vurğulayıb.

Səfir Azərbaycanın böyük tolerantlıq ənənələri olan ölkələrdən biri olduğunu, bu gün ölkəmizdə müxtəlif xalqların, habelə üç əsas dinin nümayəndələrinin dostluq və mehribanlıq şəraitində yaşadığını və Azərbaycanda unikal tolerantlıq modelinin beynəlxalq institutlar tərəfindən də alqışlandığını diqqətə çatdırıb. O, ölkəmizin birgəyaşayış və multikultural ənənələrinin dünyanın bir çox universitetlərində Azərbaycan multikulturalizmi fənni kimi tədris olunduğunu, bunun üçün Azərbaycan dövləti tərəfindən xüsusi dərs vəsaitlərinin, kitabların və müəllimlərin tədris müəssisələrinə göndərildiyini vurğulayıb.

Azərbaycan ilə İsveç arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyətinin iki ölkənin potensialına uyğun olmadığını bildirən Adış Məmmədov Azərbaycanın bu əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayıb.

Bu günlərdə Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünün qeyd olunduğunu deyən səfir Azərbaycanda 100 il əvvəl olduğu kimi, bu gün də təhsil və elm sahəsinin gündəlik həyatda böyük rol oynadığını bildirib. O, Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük islahatların aparıldığı barədə məlumat verib, bütün bunların əməkdaşlıq üçün gözəl imkanlar yaratdığını qeyd edib.

Rektor Kerstin Tham səfir Adış Məmmədovun fikirləri ilə həmrəy olduğunu qeyd edərək, əməkdaşlıq üçün yaranan böyük imkanlardan istifadə etməyin vacib olduğunu bildirib.

Görüşün sonunda səfir A.Məmmədov rektor K.Thama Azərbaycan tarixi ilə bağlı kitab hədiyyə edib.

növbəti xəbər əvvəlki xəbər