Xarici Dövlətin Vətəndaşlığının Alınması

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 18

Bakı şəhəri, 29 yanvar 2015-ci il 

"Xarici  dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi üçün ərizə-anket"in formasının təsdiq edilməsi haqqında 

"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 189 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respub-likasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi üçün ərizə-anket"in forması təsdiq edilsin ( erize.docx ).

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2015-ci il 29  yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmişdir

DİQQƏT! Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı 1 (bir) ay müddətində bu barədə Səfirliyə yazılı məlumat verməlidir.

Məlumatın verilməsi üçün vətəndaş tərəfindən Ərizə-Anket  doldurulmalı və aşağıdakı sənədlərlə birlikdə Səfirliyə təqdim edilməlidir:

  • vətəndaşın Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən sənədin surəti (pasport/şəxsiyyət vəsiqəsi)
  • xarici dövlətin vətəndaşlığının alınmasına dair sənəd
  • xarici dövlət tərəfindən verilmiş pasportun surəti (1 ay müddətində əldə edilərsə)

QEYD: Xarici dövlətin vətəndaşlığını qəbul edən Azərbaycan Respublikasının vətəndaşları (AR vətəndaşlığının itirilməsi ilə bağlıdır) mütləq aşağıda göstərilmiş  Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı oxumalıdır..



Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32- ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 9, maddə 539; 2006, № 2, maddə 82; 2008, № 3, maddə 168, № 8, maddə 713; 2009, № 7, maddə 532; 2010, № 9, maddə 770; 2015, № 6, maddə 700) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü hissə üzrə:

1.1. birinci cümlədə “vətəndaşlığa xitam verilməsi” sözləri “vətəndaşlıqdan çıxma” sözləri ilə, “Milli Təhlükəsizlik Nazirliyinə” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə” sözləri ilə əvəz edilsin;

1.2. ikinci cümlədə “Milli Təhlükəsizlik Nazirliyinə” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə” sözləri ilə əvəz edilsin;

1.3. üçüncü cümlədə “İcra Aparatına” sözləri “Administrasiyasına” sözü ilə əvəz edilsin.

2. 4-cü hissədə “vətəndaşlığına xitam verilməsi” sözləri “vətəndaşlıqdan çıxması” sözləri ilə əvəz edilsin.

3. 5-ci hissə üzrə:

3.1. birinci cümlədə “Milli Təhlükəsizlik Nazirliyindən” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətindən, Xarici Kəşfiyyat Xidmətindən” sözləri ilə, “İcra Aparatına” sözləri “Administrasiyasına” sözü ilə əvəz edilsin;

3.2. üçüncü cümlədə “vətəndaşlığa xitam verilmə” sözləri “vətəndaşlıqdan çıxma” sözləri ilə əvəz edilsin.

4. 6-cı hissənin ikinci abzasında “müttəhim kimi cinayət məsuliyyətinə” sözləri “cinayət işi üzrə təqsirləndirilən şəxs qismində” sözləri ilə əvəz edilsin.

5. 8-ci hissənin birinci cümləsində “bəndlərində” sözü “hissələrində” sözü ilə əvəz edilsin.

6. 13-cü hissə üzrə:

6.1. birinci cümlədə “Milli Təhlükəsizlik Nazirliyinə” sözləri (hər iki halda) “Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə” sözləri ilə, “İcra Aparatına” sözləri “Administrasiyasına” sözü ilə əvəz edilsin;

6.2. ikinci cümlədə “bəndində” sözü “hissəsində” sözü ilə əvəz edilsin.

7. 17-ci hissənin birinci və səkkizinci abzaslarında “bəndlərində” sözü “hissələrində” sözü ilə əvəz edilsin.

8. 21-ci hissə üzrə:

8.1. birinci abzasın:

8.1.1. birinci cümləsində “Milli Təhlükəsizlik Nazirliyinə” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə” sözləri ilə əvəz edilsin;

8.1.2. ikinci cümləsində “Milli Təhlükəsizlik Nazirliyinə” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə” sözləri ilə, “İcra Aparatına” sözləri “Administrasiyasına” sözü ilə əvəz edilsin;

8.2. ikinci abzasda “bəndində” sözü “hissəsində” sözü ilə əvəz edilsin.

9. 23-cü hissədə “bəndində” sözü “hissəsində” sözü ilə, “bəndlərində” sözü isə “hissələrində” sözü ilə əvəz edilsin.

10. 24-cü və 25-ci hissələr aşağıdakı redaksiyada verilsin:

“24. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi, xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi, dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı, terror fəaliyyətində iştirakı, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi, dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsini, bu Əsasnamənin 6-cı hissəsində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla, məhkəmə həll edir.

25. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları 1 ay müddətində bu barədə yazılı məlumat verməlidirlər. Azərbaycan Respublikasının ərazisində yaşayan vətəndaşlar Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan vətəndaşlar isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsilə Xarici İşlər Nazirliyinə (Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqlarının olmadığı ölkələrdə yaşayan şəxslər birbaşa Xarici İşlər Nazirliyinə) məlumat verirlər. Bunun üçün onlar nümunəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ərizə-anketi dolduraraq, onu internet informasiya ehtiyatı, poçt, elektron poçt vasitəsilə və ya şəxsən müvafiq dövlət orqanına təqdim etməlidirlər.”.

11. Aşağıdakı məzmunda 25-1 – 25-9-cu hissələr əlavə edilsin:

“25-1. Xarici İşlər Nazirliyi xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları barədə məlumatı həmin şəxslərin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlanması üçün Dövlət Miqrasiya Xidmətinə təqdim edir.

25-2. Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığını könüllü qəbul etməsi haqqında məlumat daxil olduqda Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlayır.

25-3. Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi barədə kütləvi informasiya vasitələrindən, fiziki və hüquqi şəxslərdən (vəzifəli şəxslərdən), dövlət orqanlarından, o cümlədən xarici ölkələrin müvafiq dövlət orqanlarından məlumat daxil olduqda, Dövlət Miqrasiya Xidməti həmin məlumatları dəqiqləşdirmək məqsədi ilə Xarici İşlər Nazirliyi vasitəsilə xarici dövlətlərin səlahiyyətli dövlət orqanlarına sorğu göndərir. Göndərilmiş sorğu nəticəsində Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi barədə məlumatlar öz təsdiqini taparsa, Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlayır.

25-4. Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi məlum olduqda, Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlayır.

25-5. Bu Əsasnamənin 25-2 – 25-4-cü hissələrində nəzərdə tutulmuş qaydada şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlandıqda Dövlət Miqrasiya Xidməti şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəliklərinin olub-olmaması barədə 1 ay müddətində araşdırma aparır. Öhdəliklərin olub-olmaması barədə araşdırma aparılması ilə əlaqədar səlahiyyətli orqanlara sorğu göndərilir. Sorğu göndərilmiş səlahiyyətli orqanlar müvafiq məlumatı 1 ay müddətində təqdim etməlidirlər. Eyni zamanda, toplanmış sənədlər rəy verilməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilir. Həmin orqanlar 1 ay müddətində müvafiq rəy bildirmədikdə, bu, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını itirməsinə etirazın olmaması kimi qəbul edilir. Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin və Daxili İşlər Nazirliyinin rəyləri və şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəliklərinin olub-olmaması barədə müvafiq məlumat alındıqdan sonra 1 ay müddətində Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy hazırlayır və həmin rəyi, habelə toplanmış digər sənədləri təqdim etməklə, şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət edir.

25-6. Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı, terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi, dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, onun barəsində Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı icraata həmin şəxs cəzanı çəkib qurtardıqdan və ya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrində müəyyən olunmuş qaydada cəzadan azad olunduqdan sonra başlanıla bilər (bu Əsasnamənin 25-7-ci hissəsində göstərilən hal istisna olmaqla). Bunun üçün cəzanı icra edən orqan və ya müəssisə dini ekstremizm, terrorçuluq və dövlət təhlükəsizliyini təhdid edən digər ideyalardan islah olunmamış məhkum barəsində məlumatları müvafiq hökmün surəti ilə birlikdə cəza müddətinin bitməsinə iki ay qalmış cinayət işinin istintaqını aparmış orqana və Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir. Həmin orqanlardan vətəndaşlığın itirilməsi məsələsinə baxılmasına dair razılaşdırılmış müraciət daxil olduqda, Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlayır.

25-7. Azərbaycan Respublikasının ərazisində olmayan vətəndaşın Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremist fəaliyyətdə iştirakı barədə Xarici İşlər Nazirliyindən, Dövlət Təhlükəsizliyi Xidmətindən və ya Xarici Kəşfiyyat Xidmətindən daxil olmuş təsdiqedici sənədlər və ya digər sübutlar əsasında Dövlət Miqrasiya Xidməti həmin şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlayır.

25-8. Bu Əsasnamənin 25-6-cı və 25-7-ci hissələrində göstərilən hallarda Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy hazırlayır və həmin rəyi, habelə toplanmış digər sənədləri təqdim etməklə, şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət edir.

25-9. Məhkəmə Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı işlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxır.”.

12. 26-cı hissənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və ya Azərbaycan Respublikasının vətəndaşlığından çıxma haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarını Dövlət Miqrasiya Xidmətinə, Xarici İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinə göndərir.”

13. 32-ci hissədə “İcra Aparatı” sözləri “Administrasiyası” sözü ilə əvəz edilsin.

14. Əsasnamənin 1-ci Əlavəsinin xidməti qeydlər hissəsinin “Vətəndaş” qrafası və “a”, “b”, “v” yarımbəndləri ləğv edilsin.

15. Əsasnaməyə Əlavə 3 - “Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməsi üçün ərizə-anket”in nümunəsi əlavə edilsin (nümunə əlavə olunur).

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 may 2016-cı il.

http://azertag.az/store/files/news/FARMAN%20VA%20ANKET%20VATANDASLAR.pdf

 

 

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq q ə r a r a a l ı r :

Maddə 1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 607; 2005, № 10, maddə 905; 2008, № 8, maddə 701) aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci maddəyə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:
“Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”.

2. 6-cı maddənin 1-ci bəndi ləğv edilsin.

3. 10-cu maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 10. Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyətinin tanınmaması
Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq sürətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.
Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.”.

4. 11-ci maddənin 1-ci bəndində “ərazisində” sözündən sonra “(bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla)” sözləri əlavə edilsin.

5. 12-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 12. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində doğulmuş uşaqlarının vətəndaşlığı
Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir.
Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir.
Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşıdır.”.

6. 15-ci maddənin birinci hissəsində “ikinci” sözü “yeddinci” sözü ilə əvəz edilsin.

7. 17-ci maddənin üçüncü hissəsində “müttəhim kimi cinayət məsuliyyətinə” sözləri “cinayət işi üzrə təqsirləndirilən şəxs qismində” sözləri ilə əvəz edilsin.

8. 18-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 18. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi
“Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir:
1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;
2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi;
3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı;
4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.
Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla həll edilir.”.

Maddə 2. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsi və 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş müddəalar bu Qanun qüvvəyə minənədək digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 may 2014-cü il
№ 973-IVQD

Arxiv üzrə axtarış